525-ci qəzet

ŞƏKİLİLƏR OSMANLI SARAYINDA VƏ TÜRKİYƏ ORDUSUNDA



YAZARDAN BİR-İKİ SÖZ
Bu yazıda mən Azərbaycanın Şəki şəhərindən Osmanlı torpaqlarına gedərək “Yıldız” sarayında özünə yüksək mövqe qazanmış qürəna Məhəmmədəmin Darğazadə, onun kiçik qardaşı, general-mayor Həsən Behcət paşa və çar zülmündən qurtularaq ailəsiylə birlikdə Bursanı özünə ikinci vətən seçmiş ipək taciri Hacı İlyas Sarıkərimli’nin general oğulları Məhəmməd (Məhəmmədnuru/ Mehmet Nuri Bərköz) və Mahmud (Mahmud Bərköz) paşalar haqqında söz açacağam.
Öncə bildirim ki, adı dünyadakı 78 tarixi şəhər siyahısında bulunan Şəki Azərbaycanın, tarixi 2.500 ili aşan ən əski şəhərlərindən, ən önəmli mədəniyyət, sənaye və ticarət mərkəzlərindəndir. Şəkililər hər zaman azad yaşamağı sevmiş, onlara ağalıq etmək istəyən ərəblərlə də, Əmir Teymurla da, Səfəvilərlə də, Nadir şahla da, çar ordusuyla da, kommunist rejimiylə də qanlı savaşlara girmiş, özgürlüklərini hər zaman hər şeydən üstün tutmuşlar. Bu gün Şəki, ərazisi 2.432,8 kv. km, əhalisi 165,9 min kişi olan (2006) rayonun mərkəzidir.
Mövzuya keçməzdən qabaq iki önəmli məsələyə toxunmağı gərəkli sayıram.
Birincisi, bu kişilərin yaşamını əks etdirən bəlgələrin çoxunda onların Dağıstan’ın Şəki, yaxud Nuxa/Noxu şəhərində doğulduğu yazılır. Bu sözlər isə Türkiyə oxucusunu çaşdırır. Burada da iki mövzuda anlaşılmazlıq mövcuddur. Bilməliyik ki, çar dönəmində “Azərbaycan” adlı bir dövlət, ölkə yoxdu – bütün imperatorluq “Rusiya” adı daşıyırdı. Ancaq Şəki dağlıq bir bölgədə yerləşdiyinə görə oralılar özünü Osmanlıda “Dağıstanlı” kimi tanıtmışlar, halbuki Dağıstanla Azərbaycan arasında keçilməz Qafqaz dağları vardır və bugünün özündə də Şəkidən Dağıstana keçmək mümkün deyildir.
Başqa bir mövzu da Şəki-Nuxa/Noxu adı ilə bağlıdır. Rusiya Quzey Azərbaycan torpaqlarını işğal etdikdən az sonra Şəki xanlığını ləğv etdi və onun bir neçə min illik şərəfli adını da yaddaşlardan silmək üçün dəyişdirərək Nuxa/Noxu etdi (1840), Sovet dönəmində də bu ad təqribən 50 il yaşadıldı və “Şəki” adı yalnız 1968-ci ildə (!) yenidən qaytarıldı.
İkincisi, doğrudur, bu kişilərin hər biri haqqında Azərbaycanda və Türkiyədə az-çox yazılıb, onların yaşamı topluma tanıdılıb. Ancaq mən öncəki qaynaqlardan da yararlanmaqla yeni bilgi və bəlgələri ortaya qoymağa cəhd etdim.
Məni adı keçən kişilər haqqında araşdırmalar aparmağa ruhlandırmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin direktoru Prof. Dr. Zəkəriyyə Əlizadə’yə, bu məqaləni yazmağa məni təşviq etmiş dəyərli dostum Ömər Özcan’a, mövzu ilə bağlı qaynaqları taparaq Türkiyədən mənə yollamış dəyərli jurnalist dostum Mina Tansel’ə, bir çox yeni bilgi, bəlgə və fotoları lütfkarlıqla mənə göndərmiş olan korgeneral (general-polkovnik) Məhəmmədnuru Bərköz paşa’nın oğlu Prof. Dr. Sina Bərköz’ə minnətdarlıq bildirməyi özümə vicdan borcu sayıram.
1. QÜRƏNA MƏHƏMMƏDƏMİN HACI ƏBDÜRRƏHIM ƏFƏNDI OĞLU DARĞAZADƏ (h.1271/m.1854, Şəki-25 sentyabr 1925, İstanbul)
Məhəmmədəmin bəyin həyatını incəliklə araşdırmış üç önəmli qaynaq mövcuddur. Prof. Dr. Əli Birinci’nin “Asyayi-Vüstə səyyahı qürəna Məhəmmədəmin bəyin hekayəsi” adlı məqaləsi M.Darğazadənin həyatını arxiv bəlgələrinə dayalı incələyən indiyədək yazılmış ən ciddi elmi tərcümeyi-haldır. Yazar Osmanlı dönəminin mövzu ilə bağlı bütün arxiv materiallarını gözdən keçirib və Məhəmmədəmin bəyin ailəsi, doğumu, evliliyi və ölümü, təhsil və iş həyatı, şəxsiyyəti, əsərləri haqqında ilk dəfə ətraflı bilgi verib.
M.Darğazadənin “Səyahətnamə”sini 2007-ci ildə mükəmməl bir biçimdə yayınlatmış olan nəvəsi Prof. Dr. Mühibbə Darğa’nın kitaba yazdığı “Babam mabeynçi Darğazadə Məhəmmədəmin bəy (Sultan II Əbdulhəmidin qarinlərindən)” adlı ön sözdə də bəlgələrə düşməyən bir çox dəyərli bilgilər verilib. Ayrıca M.Darğazadənin qızı Xeyriyyə Kərimzadə’nin, adı keçən kitabın baş tərəfində yer alan “Məhəmmədəmin bəyin həyatı” başlıqlı tərcümeyi-halı da ailə arxivi bəlgələrinə və Məhəmmədəmin bəyin ailə üzvlərinin güvənilən xatirələrinə dayanaraq qələmə alındığı üçün olduqca önəmlidir.
Mövzuya keçməzdən öncə M.Darğazadə ilə bağlı iki düşüncə üzərində durmaq istəyirəm.
Birincisi, nəticəsi Murad Darğa’nın özkeçmişini əks etdirən bir saytda bunlar yazılıb: “Murad Darğanın ata tərəfi əslən Qaraqalpaq türklərindən olub, Özbəkistanın Xivə xanlığında darğa ikən köç edərək Azərbaycan Dağıstan Şəkiyə yerləşmiş, sonra da İstanbula gəlmişlər”. Düzdür, qızı Xeyriyyə xanım və nəvəsi Mühibbə xanım bununla bağlı bir söz deməmişlərsə də özü “Səyahətnamə”də Xivə xanı Məhəmmədrəhim xan’la görüşü təsvir edərkən belə yazır: “Bəndəniz zatən o tərəflər əhalisindən bir adamın oğlu olub oralarca pədərimin şöhrəti məni dəxi hüsni-surətlə tövsiyə etdirmiş olduğu kimi...”. Yaxud “...Çağatay lisanını isə Xivəlilər qədər gözəl söyləməkdə bulunmuş olduğumdan yerlidən heç bir fərq olunmazdım”.
İkincisi, Məhəmmədəmin bəyin Sultan II Əbdülhəmid xan’ın Başmabeynçisi olması və Əbdülhəmid xan tərəfindən ona paşalıq verilməsi haqqında iddiadır. Azərbaycan oxucusu üçün xatırladım ki, Osmanlı sarayında mabeynçi padşahı qoruyan, xalqla Babi-Ali (hökumət, sədrəzəmlik) arasında əlaqə yaradan, padşahın dışarı ilə işlərinə baxan və diləkləri onun özünə çatdıran, saraya gələn ziyarətçilərin ziyarətlərini düzənləyən, saray protokolunu gerçəkləşdirən saray məmurudur. (Mabeynçi əvəzinə, “yaxın” anlamındakı “qürəna” sözü də işlədilib). Əbdülhəmid xan dönəmində dövlətin idarəsi Babi-Alidən çox, saraydan yürüdüldüyü üçün Mabeyn dairəsi 1876-1908-ci illər arasında dövlətin ən güclü qurumuydu. Mabeyn dairəsi genişləndikcə mabeynçilərin sayı da artıb. Mabeynçilərin ən yüksək yönəticisinə Başmabeynçi (Sər-qürəna) deyilir, onun yardımçısı isə İkinci mabeynçi adlanırdı.
Osmanlının bütün Başmabeynçilərini müəyyənləşdirmiş Prof. Dr. Yılmaz Öztuna’nın, doğruluğu şübhə doğurmayan siyahısında Başmabeynçi Əmin əfəndi var, ancaq onun Başmabeynçiliyi 1844-1846-cı illərdə olub. Həmin siyahıda bala rütbəli Məhəmmədəmin bəyin adı isə Başmabeynçi Hacı Əli paşa’nın dönəmində (1894-1908) yalnızca mabeynçi olaraq keçir. Tarixlərdən də göründüyü kimi, bu iki Əmin bəyi heç cür qarışdırmaq olmaz.
Paşalıq məsələsinə gəlincə, Prof. Dr. Əli Birinci’nin incələdiyi sicillərdə də Əmin bəyin son rütbəsi “bala” olaraq göstərilib. Prof. Dr. Yılmaz Öztuna yazır: “Bala, vəzir’dən bir pillə aşağı mülki rütbədir. Birinci fəriq isə bugünkü orgeneral’dır. Bu iki rütbə mülki və hərbi rütbələr olaraq bir-birinə təndir... Bu rütbə sahibləri də Avropa protokolunda ekselans’dır, klassik dönəmdə olsun bu pillənin Avropanın markiz (fr. marquis) soyluluq dərəcəsinə qarşılıq olduğu söylənə bilir. Birinci fəriq daim “paşa”dır. “Bala” isə mənşəyindəki ünvana görə ya əfəndi, ya bəy’dir... Balalara əsla paşa deyilməz”.
***
Ömrünün 30 ildən çoxunu Osmanlı imperatorluğuna xidmətdə keçirmiş Məhəmmədəmin bəy Darğazadə hicri tarixlə 1271-ci (miladi 1854) ildə Azərbaycanın Şəki şəhərində Hacı Əbdürrəhim əfəndi Darğa Əhməd oğlu ilə Dostu xanım’ın ailəsində dünyaya göz açıb. İlkin adı “Məhəmmədəli” olub, Osmanlı sarayında xidmətə başlarkən ona “Məhəmmədəmin bəy” deyilib (bu ad bir çox qaynaqlarda “Əmin bəy” kimi də işlədilib). Soyadı babası Darğa Əhməd’in adından götürülüb. Məhəmmədəmin əfəndinin “Səyahətnaməsi”nin “Üsuli-hökumət” bölümündə “darğa” sözünün Xivə’də “xanın lətifəçisi” anlamında işlədildiyi göstərilsə də monqol köklü bu rütbə Azərbaycan türkçəsində “şəhər, qəza, mahal, ya vilayət hakimi” anlamı da verməkdədir.
Babası – zamanının böyük ipək, barama tacirlərindən olan Hacı Əbdürrəhim əfəndi Hindistan, İtaliya (Milan) və Fransa (Marsel) arasında ticari ilişgilər qurubmuş. O, “məhəlli ibtidai məktəbdə müqəddəmati-ülum etmiş” olan 9 yaşlı oğlu Məhəmmədəlini də 1863-cü ildə yanına alıb Marselə aparıb, onu orada əmisi oglu Səlim əfəndi’yə, Madam Andree’yə və Fransız Liseyi müdirinə əmanət edərək Şəkiyə dönüb. Yalnız 6 ildən sonra Fransaya qayıdan atası bu qədər müddət ailəsindən xəbərsiz yaşamış 15 yaşlı Məhəmmədəlini yanına alaraq Dərsəadət’ə (İstanbul’a) gəlib və oğlunu dərslərin fransızca verildiyi Məktəbi-Sultaniyyə’yə verib. 2 il oxuduqdan sonra bir haqsızlıq üzündən bu məktəbdən ayrılan Məhəmmədəli 1871-də Hüquqi-Şahanə Məktəbi’ndə oxumağa başlayıb. O, ikinci sinifdəykən xəstələnib. Həkimlər səyahətə çıxmasını tövsiyə ediblər. 1877-nin aprelində o, İstanbuldan yola çıxaraq Poti’yə, oradan Tiflis və Gəncə’dən keçərək doğma yurdu Şəki’yə gedib. O sıralarda babası Hindistandaymış. Xəstəliyi burada da müalicə edilə bilmədiyi üçün həm Hindistandakı babasını axtarmaq, həm də uzunmüddətli səyahətdə bulunmaq məqsədiylə Şəkidəki ailəsindən ayrılaraq “böyük mərasimlə gedib”, Bakı’ya gəlib və oradan Xəzər dənizi üzərindən keçərək Orta Asiya (Türküstan/Asiyayi-Vüstə) gəzintisinə çıxıb. Xivə, Daşkənd, Xocənd, Kaşğar, Əfqanıstan və Hindistan’ı gəzib, sonra yenidən İstanbula dönərək Hüquqi-Şahanə Məktəbində oxumağa davam edib.
Hüquq tələbəsi ikən Əhməd Midhət əfəndi’nin təşviqi ilə “Asiyayi-Vüstə’yə Səyahət” onun “Tərcümani-həqiqət” qəzetində hissə-hissə verilib. Səyahətnamə kitab şəklində basıldıqdan sonra Sultan II Əbdülhəmid’in diqqətini çəkib. Sultan onunla görüşərək söhbətləşib və “Yıldız” sarayı kitabxanasına məmur olaraq görəvləndirib (2 mart 1880). Əli Birinci’nin bildirdiyi kimi, “6 sentyabr 1882-də Sultanın ən yaxın və inandığı çevrəsinə, yəni qürəna arasına daxil edilən Məhəmmədəmin bəy tam iyirmi yeddi il Sultan Əbdülhəmidin yanında çətin və həssas şərtlərdə bu vəzifəsini ifaya müvəffəq oldu”. Məhəmmədəmin bəyin ən son vəzifəsi 14 avqust 1908-də qarineyi-sani şəhriyari məqamı oldu.
İttihadçılar Əbdülhəmidi taxtdan endirdikdən sonra 27 aprel 1909-dan “təbəddüli-səltənət həsəbiylə” (hakimiyyət dəyişikliyi üzündən) açıqda qalıb, görəvi bitib. Sultanın ətrafında bulunmuş yüksək mövqe tutan bir çoxları ağır cəzalandırılsa da namusluluğu və düzgünlüyü ilə tanınmış, siyasi intriqalardan daim uzaq qaçmış Məhəmmədəmin bəyə kimsə toxunmadı və o, təqaüdə çıxdı. 11 il sonra, “yaxından tanıdığı və etimad etdiyi anlaşılan” Sultan Vəhidəddin onu “Xəzineyi-xasseyi-şahanə”nin ümumi müdirliyinə və eyni zamanda onun idarə heyətinin sədrliyinə təyin etdi (17 aprel 1920-25 fevral 1922).
(Ardı var)
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
Tel.: +994506126813
[email protected]





Mənbə: Ədalət TAHİRZADƏ10.03.2012     Çap et  Çap et